Ateizmə əks anlayış teizm anlayışıdır. “Teizm” dünyanı yaradan, amma özü dünyadan kənarda dayanaraq, istədiyi vaxt dünya işlərinə müdaxilə edən, məsələn, peyğəmbər göndərən, əvvəlki dinləri, yaxud ayələri ləğv edən personal bir allaha inam mövqeyidir. Dindar teistdir. “Deizm” dünyanı yaradan və onu birdəfəlik quran allah fikrini qəbul edir, amma allahın dünyaya müdaxiləsini qəbul etmir. Bu, o deməkdir ki, deizm allaha inanır, amma dini (və peyğəmbəri) rədd edir. Yəni deist ateist deyil, antiklerikalistdir. “Panteizm” hər şeyin allah və allahın da hər şey olduğunu hesab edən mövqedir. “Panteizm ateizmin evfemiyasıdır” (Şopenhauer). Fəlsəfədə skeptisizm və aqnostisizm anlayışlarının da ateizmə aidiyyəti var. Skeptisizm, skeptiklik qədim yunan dilində “skepsis” (şübhə) sözündən olub, mənası şübhə ilə yanaşaraq son qərarı verməmək, verə bilməmək deməkdir. Stoa fəlsəfəsindən gəlmə belə bir anlayış var: “isosteniya”. Mənası ekvivalent arqumentasiya deməkdir. Bu, o deməkdir ki, mübahisə doğuran məsələdə qarşı tərəflərin qarşılıqlı olaraq əleyhinə və lehinə irəli sürdükləri dəlillər eyni çəkidədirlər. Bu, isosteniya hadisəsidir. Bu anlayışa mən islam fəlsəfəsində “takafu-u-ədillə” şəklində təsadüf etmişəm. Yəni allahın lehinə dəlillər onun əleyhinə dəlilləri üstələyə bilmir. “Allahın olmaması ən azından ehtimal daxilindədir” (Ayer). Yazının ardını oxu »