Dünyanın hər yerində dindarlar öz dinlərinə dünyəvi (qlobal) aktuallıq qazandırmağa çalışırlar. Hindlilər meditasiya və yoqa praktikası ilə Qərb insanına sükunət vəd edirlər; çinlilər akupunkturun alternativ tibb olduğuna, tsi enerjisinə uyğun yaşamaq yollarını öyrədən fen-şuy sənətinin vacibliyinə dünyanı inandırmağa çalışırlar. Heç Qərb xristianları da fərqli hərəkət etmirlər. Xristian teoloqları da xristianlığın hansı yollarla aktuallaşdırıla biləcəyini müzakirə edir. Müxtəlif dinlərin artan missioner fəaliyyətləri də fikrimi təsdiqləyir. İslamçıların da fəallaşması göz qabağındadır.
Ümumiyyətlə, missionerlik ta qədimdən monoteist-semit dinlərə xas olub. Lakin son dövrlərdə bütün dünyada dini aromatın kəskin artması, klerikal təmayülün intensivləşməsi nə təkcə dinin «axır ki, dərk edilmiş» həqiqətindən əmələ gəlir, nə də təkcə dinlə məhdudlaşır. Bütün məsələ dünyada gedən qloballaşma prosesi ilə əlaqədardır.
Bu o deməkdir ki, indi hər bir xalq (Hegelin dili ilə desək, tarixin hər bir fərdi) «kasıbın olanından» deyib, öz lokal (milli) mədəniyyətində dişə dəyən nə varsa, çıxardıb qoyur ortalığa. Folklordan dinə qədər. Din də bu kontekstdə sırf milli mədəniyyət, daha doğrusu, lokal kultur faktı kimi yenidən əhəmiyyət qazanır. Qloballaşma müstəvisində «baxın, bizim nə gözəl musiqimiz var» duyğusu ilə «görün, biz necə maraqlı ibadət edirik» duyğusu arasında mahiyyətcə fərq yoxdu.
Biz bir qrup apolitik inkarçı-tənqidçi yeni yazarlar da qloballaşmanın daşıyıcıları və nəticələriyik. Bizim kimi düşünənlər tək-tək həmişə olub, biz özümüz bu düşündüklərimizi illərlə əvvəl də düşünürdük, amma indi artıq bu yeni düşüncələr ictimai iqlimdə rahatlıqla yayılıb, çoxala və ümumi kommunikasiyaya daxil ola bilir. Bütün bunlar dünyada əsən qlobal küləklərlə əlaqədardır. Bizi dövran özü yetişdirib. Ona görə də, bizim milli-mənəvi dəyər inkarçılığımız, milli mentalitet və din əleyhdarlığımız daha heç kimin konkret şəxsinə bağlı deyil, öz-özünə davam edəcək prosesdir. Məsələn, sabah dinə qarşı ağır və dolu toplarımızdan biri sayılan Yalçın İslamzadə kimi əziz dostumuz da, dönüb «İslam ən mükəmməl dindir» desə, bu, başlanmış antiklerikal prosesi dinin xeyrinə dəyişə bilməyəcək.
Qloballaşma ilə lokallaşma prosesləri iç-içə, bəzən də yanaşı davam edəcək. Tolerant Qərb mühitində yanaşı, intolerant İslam mühitində isə qarşı-qarşıya. Qlokal (qlobal+lokal) nümunələr zəminində yeni hadisələr yaranacaq. A.Qasımov Qərbdə muğamla, biz də burada Qərbin «Allah ölüb» kimi ekssentrizmlərilə təəccüb və heyrət doğuracağıq.
Bu məsələdə biz qlobalist, qarşımızdakılar (bəlkə yanımızdakılar?) lokalistlərdir. Biz qloballığı lokallığa çevirmək istəyirik, onlar lokallığı qloballığa. Biz istəyirik Azərbaycan dünya boyda olsun, dünya kimi olsun. Onlar isə istəyir ki, dünya hamısı az qala bizim kimi olsun. Azərbaycanlı başına yaylıq bağlamış zənci gəncinə «matişkə» deyərkən (özüm şahid olmuşam), özünün də xəbəri olmadan zəncidən azərbaycanlı olmağı tələb edir.
Azərbaycan dünyanın mərkəzlərindən biri olmadığından, burada bütün dünyanı, dünyanın bütövlüyünü müşahidə etmək olmur. Azərbaycanda dünya balacadır. Dünyanın hamısı burada görünmür, cüzi bir hissəsi görünür. İctimai yerlərdə gedən söhbətlərə qulaq asaq, telekanallarda hazırlanan proqramlara tamaşa edək, azərbaycanlıların kitablarını oxuyaq, hətta alimlərini dinləyək, dünya ilə müqayisədə nə qədər məhduddurlar! Söhbət təsəvvürlərin, dünyaya baxışın darlığından, zövqlərin primitivliyindən gedir. Normal azərbaycanlı bəşərə məlum olan bütün düşüncəni hələ düşünməyib, bütün duyğuları hələ duymayıb. Dünyada müzakirə edilən mövzuların bizdə heç qaldırılmamış olmasını öyrənmək adamı bədbin və məyus edir. (Bu, xalqı alçaltmaq deyil. Hansımız belə olmağımıza sevinir ki? Bizim hamımızı bədbəxt edən elə bu Azərbaycan deyilmi? Yəni bu məkanda xoşbəxt adam var, ola bilər, görəsən?)
Əlbəttə, hər bir qlobal ideya öz mənbəyinə görə lokal olmuşdur. Bəs hər hansı bir lokallığın qlobal olma hüququ və imkanı necə müəyyən olunacaq? Sual verilə bilər ki, madam Afrika mənşəli caz dünya musiqisinə çevrilə bilirsə, onda muğam niyə belə olmasın. Yaxud bizim qadınlarımız Qərb qadınları kimi dikdaban ayaqqabılar geyirlərsə, onda onlar niyə bizimkilər kimi kələğayı örtməsinlər və s. Doğrudan da, niyə axı? Hansısa lokalizmi qloballaşdıran determinantlar həmişəmi ədalətlidir? Bu suallara birmənalı cavab vermək olmur. Etiraf etmək lazımdır ki, ümumbəşəri istehlakda, nələrinsə hesabına «qlobal» mandatı almış (verilmiş) bir yığın mənasız, hətta zərərli lokalizmlər var.
Ötən əsrdə yaşamış fizik və filosof Vaytseker məqalələrinin birində meditasiya kultunun Qərbdə yayğınlaşmasından narahat olduğunu yazırdı. Belə məsələlər həmişə müzakirə olunub və olunur. Necə ki, biz Braziliya teleseriallarının, Hollivud filmlərinin zərərli təsirlərini hərdənbir müzakirə edirik.
Gələk İslama. Dünya miqyasında fəallaşdığına görə İslamı qınamaq düz olmazdı. Yuxarıda da qeyd etdiyim kimi, qloballaşma prosesində bütün lokallıqlar dirçəlirlər. Prosesin işləmə mexanizmidir bu. Elə isə bəs problem hardadır?
Bu məsələdə fikirlər haçalansa da, mən öz şəxsi mövqeyimi bildirəcəyəm. İslam dini qlobal olmağa layiq deyil! O, qloballığa iddialı arxaik lokalizm nümunəsidir!
Sadəcə olaraq, İslam qloballaşmanın yaratdığı əlverişli şəraitdən öz lokal məqsədləri üçün istifadə edir. Əslində onu məlum dinlərlə (yəhudilik və xristianlıqla) keçmişdən qalan haqq-hesabını çürütmək maraqlandırır. O, hamıya sübut etmək istəyir ki, birinci sort din mənəm. Plüralist, dialoqçu, tolerant, bir sözlə, dövrün tələblərinə uyğun mövqe tutmağa isə onu öz kitabı qoymur.
Qlobalizmdə hər cür lokallığa icazə var. Amma heç kimin başqalarını ikinci sort saymaq, « ya elə, ya belə!» iddiasında olmaq imtiyazı yoxdur. İslam isə mahiyyətcə (yəni Qurana görə) fundamentalizmdir, radikalizmdir. (Fundamentum və radiks sözlərinin hər ikisi «kök» deməkdir). Özünə şirk qoşmağı yasaqlayan, kökdə təkbaşına dayanmaq istəyən belə monizmlər (yekçilik) qlobalizmin ruhuna ziddir.
Qloballaşmanın yaratdığı şəraitdən istifadə edən fundamentalizm və radikalizm, o cümlədən İslam dini bütün dünyanın problemidir. Amma İslam təhlükəsi heç də ən çox bizi hədələmir. Biz nəyik ki? Söhbət Bin Laden terrorizmindən getmir. Söhbət terrorizmin də İslam sipəri arxasında gizlənməsindən, gizlənə bilməsindən gedir. İslam öz barışmazlığı, qan tökməkdən çəkinməyən xarakteri, yeklik iddiası, arxasında terroristlərin belə gizlənə biləcəyi qeyri-şəffaflığı və nəhayət mənsublarının kasıblığı, cəhaləti və qəzəbi ilə qlobal miqyasda təhlükəli lokalizmdir.
Əslində xalqımızın sadə hissəsi, yəni böyük bir çoxluğu, dinə qarşı biganədir, onun təfəkküründə Orta əsrlərdən qalma zərərli «gizli dinilik» olsa da, o, sadəcə müsəlmandır və qlobal lokalizm kimi İslamın daşıyıcısı deyil (bu yerdə sovet rejiminə təşəkkür edək). Bu, hamımızı sevindirir. Amma İslamın qlobal missionerlərini sevindirmir. Biz hətta dədə-baba mollalarımızla da yanaşı yaşaya bilərik. Amma yeni dindarlar onları «bozbaş mollaları» adlandırıb, bəyənmirlər. Fundamentalistlər bu xalqdan qlobal İslamın daşıyıcılarını qayırmaq istəyirlər. Başladılmış re-islamizasiya (lokallaşma) prosesinin mahiyyəti budur.
İslam dini müasirləşməyib, reformasiya yaşamayıb, elmlə barışmayıb, rasionalizmin (maarifçiliyin, aydınlanma fəlsəfəsinin) kritisizm süzgəcindən keçməyib. Bütün ciddiyyətimlə deyirəm, qarşımızda çox qorxulu bir şey dayanıb… Biz muğamı da tənqid edirik, amma heç kim bizi nataraz söyüşlərə qonaq etmir, bizə rəngarəng ölümlər vəd vermir.
Almanların məşhur «Şpiqel» jurnalının ötən saylarının birində dini fundamentalizmin yenidən intensivləşməsi ilə aydınlanmaçı (maarifçi) fəlsəfənin əsas tezislərinin yenidən aktuallıq qazanmasından bəhs olunurdu. Fransız statistikası məlumat verir ki, fransız həbsxanalarında bütün məhkumların 70%-ni müsəlmanlar təşkil edir. ABŞ-da hər il minlərlə narkoman, məhkum və ya asosial zənci İslamı qəbul edib, müsəlman olur. (Onlara «qara müsəlmanlar» adı verilir). Şərhə ehtiyac var?
Əziz dostlar! İslam dini öz inananlarının sayına görə (sırf buna görə!), dünya dini hesab olunur. O, bizim deyil, heç vaxt da olmayıb. İslam mədəniyyətinin formalaşmasında biz üçüncü dərəcəli rollardan birini oynamışıq.
İslam lokallığını qloballığa çevirmək istəyən qrupların arxasında pullu, təşkilatlanmış, özünü sırf bu işə həsr etmiş qüvvələr, hətta dövlətlər dayanır. Bəs bizim arxamızda nə dayanır? Yox, dostlar, İslam təkbaşına bizlik deyil. Biz nə boydayıq ki, (coğrafi-fiziki ölçülərimizi nəzərdə tutmuram), İslam boyda da məsələmiz olsun.
Arzuolunan azad mühitin yaratdığı istənməyən problemlərdən biri təhlükəsizlik problemi olduğu kimi, bəzi faydalı dərmanlar zərərli nəticələr də doğurduğu kimi, mövcud İslam problemi də qloballaşmanın gətirdiyi təhlükəli problemlərdən biridir. Bizim bu məsələni qlobal müstəvidə müzakirə etməkdən və bu mövzuda aparılan dünya miqyaslı debatlara qoşulmaqdan başqa yolumuz qalmır.
Ağalar Məmmədov