Dinin tarixi və ictimai kökləri

Dinin mənşəyi, tarixi və icitmai kökləri haqqında müxtəlif fikirlər vardır. Dinçilər inandırmağa çalışırlar ki, dini etiqad insanla bərabər yaranmışdır. O, əzəlidir və əbədidir. Amma tarixi materializm fəlsəfəsi bu məsələyə başqa cür baxır. O, qədim dövrlərin nadir arxeoloji abidələrinə, tarixi sənədlərə, elmi tədqiqatlara istinad edərək sübüt edir ki, din insandan çox sonra, insan insanlıq həddinə yetdikdən, ictimai praktikada, əmək prosesində təbiətlə üzləşdiyi və uzlaşdığı zamanlarda meydana çıxmışdır.

Dinin mənşəyi, ilk rüşeymləri ibtidai insanların həyat şəraiti ilə bağlıdır. Deməli,

 din əzəli və əbədi yox, tarixi bir hadisədir. Bu isə öz sırasında o deməkdir ki, dini əmələ gətirən və onu indiyə qədər yaşadan səbəblər aradan qalxınca din özü də ortadan çıxacaqdır.

Göründüyü kimi dinin mənşəyi özü prinsipal və mürəkkəb problemdir. Onun necə həll edilməsindən, hansı baxımdan işıqlandırılmasından bir sıra başqa, daha mühüm məsələlər, o cümlədən din ilə incəsənətin əlaqəsi məsələsi asılıdır.

Dinin mənşəyini, onun ünsürlərini və ilk təzahürlərini, ibtidai formalarını öyrənmək üçün antropoloji, arxeoloji və etnoqrafik tədqiqatlardan, uzaq keçmişlərdən qalmış maddi mədəniyyət nümunələrindən, ibtidai dövrlərə aid mağara rəsmlərindən, qədim xalqların folklorundan, nəhayət, indi bəzi qitələrdə yaşayan, hələ də qəbilə-icma həyatı keçirən tayfaların məiəşətindən, adət və ənənələrindən və bir sıra başqa mənbələrdən istifadə olunur.

Dinin mənşəyi problemini öyrənmək üçün keçmiş dövrlərin tarixçiləri, filosofları, alimləri, sənətkarları çoxlu axtarışlar aparmış, tapıntılar, elmi nailiyyətlər əldə etmişlər. Antik dövrün materialist filosofları Heraklit, Demokrit, Epikür, intibah dövrünün alimləri Kopernik, Qaliley, Bruno, holland və ingilis maarifçiləri B.Spinoza, T.Hobbs, fransız materialistləri D.Didro, P.Holbax, böyük alman filosofu L.Feyerbax, Şərqin İbn-Sina, İbn-Rüşd, Xəyyam, Nizami, Tusi, Nəsimi kimi parlaq zəkaları dinə münasibət məsələsində cəsarət göstərmiş, onun mənşəyini, mahiyyətini öyrənmək probleminə dair maraqlı, dəyərli fikirlər söyləmişlər. Bu problemin əsl ateist şərhini, elmi həllini marksizm klassikləri vermişlər. Karl Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərində dinin tarixi hadisə olduğu isbata yetmişdir.

Din necə əmələ gəlmişdir?

Əldə olan müasir elmi məlumatlara görə, canlılar aləmində insan cinsinin yaşı təxminən bir milyon ilə yaxındır. Din isə şüur forması kimi ancaq ilk qəbilə quruluşu dövründə təşəkkül tapmağa başlamışdır. Arxeoloji dövrləşdirmə əlamətlərinə görə, bu proses qədim daş dövrünün (paleolitin) orinyak- Solutrey adlanan mərhələsi ilə bir araya düşür, yəni 35-40 min il bundan əvvəlki zaman təsadüf edir.

Bu faktın özü çox maraqlı və bizim üçün son dərəcə gərəkli olan belə bir həqiqəti təsdiq edir ki, milyon ilə yaxın yaşı olan bəşəriyyət, bizim pitekantrop, sinantrop, atlantrop adlanan əcdadımız öz ömrünün doqquz yüz min ildən çoxunu din nə olduğunu bilmədən, dinlərdən və allahlardan azad yaşamışdır. Bu fakt “din insanla bir yaranmışdır”, yaxud “allah etiqadı insana ana bətnində verilir” kimi mövhümi, idealist fikirləri kökündən rədd edir.

Çoxları dinin törəməsini bəşəriyyətin həyatında tərəqqi və intibah əlaməti kimi qiymətləndirməyə çalışır, dini idrakı allaha qovuşmağın vasitəsi, həyatın, həqiqətin dərki, insan zəkasının, insanlıq borcunun yüksək nümunəsi kimi qələmə verirlər.

Bu iddia həqiqətə uyğundurmu? Qətiyyən! Tarix də, hazırkı dövr də bunun əleyhinədir. Çünki dinlər meydana çıxana qədər də insan anlaqlı, idraklı həyat sürmüş, əmək və istehsal alətlərini düzəltmiş, od yandırmağı və onsan istifadə etməyi öyrənmiş, ov etməyə, tələ qurmağa, bəsit silahlar işlətməyə alışmış, bir sözlə insanlıq həddində insan idrakı ilə yaşamağı, ictimai fərd kimi kollektiv içərisində, birgə əmək prosesində şüurla davranmağı bacarmışdır. Dini təsəvvürlər, illahiyyat haqqındakı ehtimallar əslində insanları fəal, səmərəli şüurdan ayırıb boş, faydasız xəyalətə sövq etmişdir.

Dinin insana nə verdiyini, nədən məhrum etdiyini, dinin mənşəyini, mahiyyətini düzgün işıqlandırmaq üçün V.İ.Leninin bu sözlərini rəhbər tutmaq lazımdır ki, din həqiqi, qüdrətli, obyektiv, insan idrakının canlı ağacında bitmiş barsız çiçəkdir. Ruhanilərin, dinşunasların dediyi kimi, din heç də bəşəriyyətin tərəqqi pilləsi yox, onun tərəqqi yollarındakı çaşqınlığı, oyayan, axtaran şüurun aldanışını, bilmək istəyən ağlın bilməzliyi, həqiqətin çətin yollarında insanın rast gəldiyi böyük, çox böyük maneədir.

Dinin mənşəyi və mahiyyəti hər şeydən əvvəl tarixin ilk dövrlərində insanın təbiət qüvvələri qarşısındakı acizliyi, sonralar isə onu əzən icitmai şəraitin, istismarçı qüvvələrin qarşısındakı gücsüzlüyü ilə şərh edilməlidir. Çünki bütün dinlərin, dini təriqət və etiqadların əsasını fövqəltəbii, fövqəlbəşər qüvvələrə kor-koranə inam təşkil edir. Rüşeym halında belə inam hələ ibtidai qəbilə dövründə yaranmışdır.

İnsanlar 35-40 min il bundan əvvəl təbiət hadisələrini dürüst anlaya və şərh edə bilmədikləri üçün fövqəltəbii qüvvələrin, insanın özündən çox-çox qüdrətli bir varlığın mövcud olması haqqında düşünmüş, öz xəyalında o qüvvələri, ilahi varlığı görməyə, onları insana bənzər obrazlarda canlandırmağa çalışmışlar. Bu xəyalat, ilahi qüvvələr haqqındakı təsəvvürat şüurun çox bəsit olduğu həmin dövrlərdə asanlıqla allahlara etiqad doğurmuş, dinin ilk formalarını əmələ gətirmişdir. Əslində din insanların üzərində hökm sürən təbiət və cəmiyyət qüvvələrinin göy qüvvələri şəklində göstərən inikasından başqa bir şey deyildir.

Ova çıxan, torpağa toxum səpən, yad qəbilələrdlə qanlı vuruşa başlayan qədim insanlar göylətə müraciət edib öz işlərində allahlardan uğur dilməyi vacib bilmişlər. Göylər nərə çəkib guruldayanda, odlu şimşəklər, ildırımlar çaxanda, meşələr odlanıb ətrafa alov saçanda, sellər, sular daşıb, tufan qopub, fəlakət gələndə canına lərzə düşən insan amansız təbiətə yalvarıb aman istəməyə məcbur olmuşdur.

İndi hər bir məktəblinin belə başa düşdüyü təbiət hadisələri ibtidai insana vahiməli sirlər kimi görünmüşdür. O, güman etmişdir ki, bu sirləri yalnız uca dağlarda, dibsiz dənizlərdə, intəhasız göylərdə yaşayan ruhlar bilir, güman etmişdir ki, təbiətin ixtiyarı da, insanın özünün taleyi də ancaq qüdrətli allahların əlindədir. Məhz qorxu, acizlik, ümudsizlik ibtidai insanda dini etiqad, allaha pənah, təvəkkül və ümid yaratmışdır. Allahlar acizlik, köməksizlik duyğusundan, aldanışlardan, yalan təsəvvürlərdən doğrulmuşdur desək, həqiqətə zidd olmaz.

Beləliklə, dinlər də, allahlar da insanlardan sonra yaranmış, onların yanlış təsəvvürlərindən törəmişlər. L.Feyerbax bu mənada çox gözəl və haqlı demişdir ki, “müəqqədəs kitablarda göstərildiyi kimi allah insanları deyil, insanlar allahları özülərinə bənzər yaratmışlar”.

Allah haqqındakı təsəvvürlərin, dinin ictiami kökləri belədir. Məhz bəşəriyyətin ibtidai həyat sürməsi, mədəni inkişafın hələ çox aşağı pilləsində dayanması dinin rişələnməsi üçün ilk zəmin yaratmışdır.

M.Məmmədov İncəsənət və din

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.